Culfa kəndlərindən 80 gəncin iştirakı ilə “Səyyar Gənclər Evi” layihəsi reallaşıb

Culfa rayonunun Saltaq kəndində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında “Səyyar Gənclər Evi” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilib. Layihədə Saltaqla yanaşı, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin və Bənəniyardan ümumilikdə 80 gənc iştirak edib. 

Saltaq kənd məktəbində keçirilən açılış tədbirində nazirliyin şöbə müdiri İlahə Haverdiyeva təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gənclər üçün yaradılan imkanlardan bəhs edib, layihənin əhəmiyyəti barədə fikirlər səsləndirib. Qeyd olunub ki, “Səyyar Gənclər Evi” layihəsi uzaq ərazilərdə yerləşən kənd və qəsəbələri əhatə edir. Məqsəd həmin yerlərdə yaşayan gənclərin şəxsi inkişafına, intellekt səviyyəsinə, sağlamlığına və sosial aktivliyinə töhfə vermək, maraqlı və əyləncəli vaxt keçirməsinə nail olmaqdır.

Layihənin proqramı barədə iştirakçılara məlumat verildikdən sonra gənclər püşk əsasında komandalara bölünüblər. Layihə çərçivəsində öncə psixoloq Ayxan Hüseynli tərəfindən komanda quruculuğu ilə bağlı təlim keçirilib. Komandalar “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında və əyləncəli idman yarışmalarında iştirak ediblər. 

Yarışmalarda toplanan xalların cəminə əsasən ilk üç yerin sahibləri müəyyən olunub. Qalib “Zirvə” komandası, ikinci, üçüncü yerlərin sahibləri “Aslan” və “Mübariz” komandaları, eləcə də həvəsləndirici yerə layiq görülən “Şuşa” komandasının üzvləri mükafatlandırılıblar. Komanda üzvlərinə diplom və hədiyyələr təqdim olunub.